Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Gündəm / Cəmiyyət
24 Haz 2025
19:16
Türkiyə MMU-nun nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Serdar Salmanın rəhbərliyi ilə qardaş ölkənin MMU Quru Qoşunları Hərbi İnstitutunun rəhbər heyəti və "Qərargahın idarə olunması kursu"nun dinləyiciləri Azərbaycanda səfərdədir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Türkiyəli qonaqlar əvvəlcə Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.

Sonra MMU rektoru general-mayor Gündüz Əbdülov Türkiyə nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamladıqdan sona rektor Azərbaycanın hərbi təhsil sistemində həyata keçirilən uğurlu islahatlar, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiq edilən yeniliklər barədə ətraflı məlumat verib.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri üzərində qurulduğunu bildirən general-mayor G.Əbdülov bu müttəfiqliyin hər iki ölkədə hərbi təhsilin inkişafına verdiyi faydalardan danışıb.

Professor S.Salman isə öz növbəsində göstərilən səmimi münasibətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan Ordusunda hərbi təhsil sahəsində tətbiq edilən islahatların müsbət nəticələri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb.

Sonda MMU və tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinin yaranma tarixləri, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyətləri haqqında brifinq təqdim olunub.
24.06.2025
14:23
Şəkidə tender oyunu